GiLTEX 2012-ci ildən Azərbaycanda - Sumqayıt şəhərində fəaliyyətə başlayan “Gilan Tekstil Park” MMC-nin  ticarət nişanıdır. Müəssisədə yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Ümumi sahəsi 15 hektar, ümumi istehsal sahəsi isə 50 000 m2 olan müəssisənin bazasında İplik fabriki, Toxuma fabrikləri, Boyama fabrikləri və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Fabriklər vertikal inteqrasiya sistemi ilə qurulub və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə edir. Hal-hazırda Gilan Tekstil Parkında iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir.

İPLİK FABRİKİ

İplik fabrikinin illik istehsal gücü 3900 ton iplikdir. Avadanlığın əsas təchizatçısı İsveçrənin Rieter şirkətidir.

TOXUMA və BOYA FABRİKLƏRİ

Azərbaycan pambığını xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə cavab verən Toxuma və Boya fabrikləri inşa edilib. Burada Belçikanın Picanol toxuma maşınları, Almaniya istehsalı olan Karl-Mayer markalı haşıl dəzgahları, Fimat (İtaliya), Salvade (İtaliya), Benninger (İsveçrə), Thies (Almaniya) kimi avropa şirkətlərinin avadanlıqları ilə təchiz olunmuş illik 

17 000 000 poqon metr toxuma parça, 1600 ton hörgü parça, 960 ton dəsmal istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur.

TİKİŞ FABRİKİ

Tikiş fabrikində müxtəlif çeşidli parçalardan yataq, uşaq, otel və hamam dəstləri, işçi geyimləri (uniformalar), hərbçilər üçün xüsusi geyimlər və s. tikilir. İllik istehsal gücü 1092000 ədəd köynək, 840 ton dəsmal, 312 000 dəst yataq dəsti, 216 000 ədəd yorğan tikməyə imkan verir. Tikiş fabrikində Yaponiya istehsalı Juki tikiş maşınları, Almaniyanın Veit şirkətinin press və ütüləmə avadanlığı təchiz edilib. Fabrikdə dəsmalların avtomatik tikişini həyata keçirən Kanadanın Automatex avadanlığı, yataq ağları dəstlərini avtomatik tikən Almaniyanın Texpa avadanlığı istifadə olunur.

KEYFİYYƏTƏ NƏZARƏT

Müəssisəyə daxil olan xammal və köməkçi vasitələrin qəbulu  yerli və beynəlxalq normativ sənədlər əsasında tərtib olunmuş spesifikasiyalara uyğun olaraq həyata keçirilir.

İstehsal etdiyimiz məhsulların keyfiyyət göstəriciləri müntəzəm olaraq müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzi Sınaq Laboratoriyası tərəfindən yoxlanılır.  Mütəmadi olaraq xarici müştərilər ilə Laboratoriyalar arası qarşılıqlı sınaqlar aparılır. Laboratoriya personalı İSO 17025-2017 standartı mövzusunda beynəlxalq akkreditasiya qurumları tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmişdir.

Beynəlxalq sertifikatlarla yanaşı Gilan Tekstil Park Milli Sertifikatlaşdırma  Sistemi vasitəsilə 5 növ məhsul üçün uyğunluq sertifikatı almışdır. Eyni zamanda tekstil sahəsində çox böyük əhəmiyyət kəsb edən OEKO-Tex Standart 100 beynəlxalq standartının tətbiqinə dair zəruri fəaliyyətlər həyata keçirilib və standartın əldə olunması üçün mötəbər Sertifikatlaşdırma qurumuna müraciət edilmişdir.